YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN DƏSTƏYİ İLƏ BƏRDƏNİN BEŞ KƏNDİNDƏ YENİ ARTEZİAN QUYULARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Bərdə rayonunun Xanərəb kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən Bərdənin 5 kəndində suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev, idarə və təşkilat nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi üzrə qrant müqavilə Yaponiya səfirliyi ilə Böyük Britaniyanın OXFAM təşkilatı arasında imzalanmışdır və Aran Humanitar Regional İnkişaf Təşkilatı tərəfindən icra edilmişdir. Layihənin məqsədi Bərdənin beş kəndində suvarma və drenaj sistemlərini bərpa etməklə suvarma xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır.
Layihə üzrə Bərdə rayonunun Qaradəmirçi, Qazıqurdalı, Xanərəb, Kələntərli və Muğanlı kəndlərində 6 ədəd subartezian quyusu qazılmış, 5,8 kilometr uzunluğunda drenaj kanalı çəkilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində sözügedən kəndlərdə 300 hektar ərazinin su ilə təchizatı yaxşılaşdırılacaqdır.