Yaponiyanın Baş naziri təbii fəlakət nəticəsində itkin düşənlərin axtarışlarını sürətləndirməyi tapşırıb
Tokio, 4 iyul, AZƏRTAC
Yaponiyanın Baş naziri əlaqədar nazirliklərin rəhbərlərini Tokio yaxınlığında bir gün əvvəl baş vermiş torpaq sürüşməsi nəticəsində itkin düşənlərin axtarış-xilasetmə işlərini sürətləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə tapşırıq iyulun 4-də Baş nazirin ofisində keçirilən müşavirə zamanı verilib.
Xatırladaq ki, güclü yağışlar nəticəsində torpaq sürüşməsi şənbə günü səhər Şizuoka prefekturasının Atami şəhərində baş verib.
Baş nazir bildirib ki, təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər ciddi xəsarət alıb və bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur. Y.Suqa 19 nəfərin xilas edildiyini və 130 tikiliyə ciddi ziyan dəydiyini də bildirib.
Həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Baş nazir, onların dərdinə şərik olduğunu da deyib.
Müşavirə zamanı Y.Suqa əlaqədar nazirlərə insanların həyatinin mühafizəsi üçün lazım olan bütün tədbirləri görməyi, bu məqsədlə yerli hakimiyyət orqanları ilə birgə fəaliyyəti sıx əlaqələndirməyi də tapşırıb.