Yaponiyanın Baş naziri Yoşihide Suqa Tokio Olimpiya Oyunlarını möhtəşəm adlandırıb
Tokio, 9 avqust, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa avqustun 8-də başa çatmış Tokio XXXII Yay Olimpiya Oyunlarının möhtəşəm olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin Yaponiya Nazirlər Kabinetinin rəsmi tvitter səhifəsində yayımlanan videomüraciətində qeyd olunub: “Başa çatan yarışlar idmançıların çıxışları sayəsində möhtəşəm oldu. Mən bütün idmançıları - həm uğur qazananları, həm də öz məqsədinə doğru son addımı ata bilməyənləri alqışlayıram”.
Videomüraciətdə daha sonra deyilir: “Bəzi əcnəbi müşahidəçilər bizim Olimpiada da koronavirusun yayılmasına qarşı gördüyümüz tədbirləri çox sərt adlandırırdılar. Lakin başqaları yarışların məhz Yaponiyada uğurlu təşkilini nəzərə alaraq, bizim səylərimizi yüksək qiymətləndirirdilər. Oyunların bütün əməkdaşlarına, tibb işçilərinə və könüllülərə ürəkdən təşəkkür edirəm”.
Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları idman növlərinin (33) və medal dəstlərinin (339) sayına görə ən böyük Olimpiada idi. Komanda hesabında ABŞ yığması birinci (39 qızıl, 41 gümüş, 33 bürünc), Çin komandası ikinci (38-32-18), Yaponiya millisi isə üçüncü (27-14-17) yeri tutublar.
Tokio Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.
Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyev (65 kq) olub.
Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.
Komandamız medalların sayına görə 33-cü, əyarına görə isə 67-ci sırada qərarlaşıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio