REGİONLAR
Yaponiyanın ənənəvi mədəniyyət tədbiri “Çərpələng yarışı” Lənkərandan başlayıb - FOTO VİDEO
Lənkəran, 23 iyul, İsmayıl Cəfərli, AZƏRTAC
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar “Yaponiya-Azərbaycan Dostluq İli” tədbirləri çərçivəsində Lənkəran şəhərində Yaponiyanın ənənəvi mədəniyyət tədbiri olan “Sanco çərpələng yarışı” keçirilib.
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər Heydər Əliyev adına xatirə parkında təşkil olunan tədbirdə Yaponiya səfirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının rəsmiləri, yerli sakinlər iştirak ediblər.
Tədbirdə bildirilib ki, “Sanco çərpələng yarışı” 18-ci əsrdən etibarən davam edən ənənəvi festival olmaqla, Niiqata prefekturasının qeyri-maddi milli mədəni sərvəti kimi tanınır. Yarışda hər birində beş nəfər olmaqla iki komanda olur, rəqibin çərpələngini yerə düşürtmək üçün mübarizə aparılır.
Yarış üçün istifadə olunan çərpələnglər altıbucaqlıdır və Sanco şəhərinin özünəməxsus atributudur. Hətta az küləkli şəraitdə belə səmada uçurdulması mümkündür və idarəsi rahatdır. Tədbir zamanı 11 sənətkar tərəfindən “Sanco çərpələng yarışı” ilə yanaşı, tamaşaçılara nümayiş etdirmək üçün çərpələng üzərində rəsmlərin çəkilməsi və onların uçurdulması təşkil edilib.
Sonda tədbir üçün xüsusi hazırlanmış Lənkəran xatirə çərpələngi Lənkəran Şəhər İcra Hakimiyyətinə hədiyyə edilib.
Yaponiyanın Azərbaycandakı səfirinin müavini, müşavir Takoya Yukihito deyib: “Bu gün burada 300 ildən çox tarixi olan Yaponiyanın məşhur çərpələng yarışı təşkil olunub. Bu yarış Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü çərçivəsində təşkil olunmuş tədbirlərdən biridir. Ölkənizin insanları çox istiqanlıdır. Eyni zamanda, Lənkəranda gördüyüm mənzərə xoşuma gəldi. Lənkəran kiçik, lakin çox səliqəli və gözəl şəhərdir”.
Qeyd edək ki, “Sanco çərpələng yarışı” Lənkərandan sonra iyulun 24-də Bakıda Dənizkənarı Milli Parkda keçiriləcək.