Yaponiyanın Miyazaki prefekturası Azərbaycanın regionları ilə əməkdaşlıqda maraqlıdır
Tokio, 15 fevral, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Miyazaki Prefekturasının qubernatoru Şuiçi Kononun dəvəti ilə həmin prefekturada səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfir Gürsel İsmayılzadə qubernatora Azərbaycanın uğurlu xarici siyasəti, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlər barədə geniş məlumat verib. Azərbaycan-Yaponiya münasibətlərinə toxunan diplomat iki ölkənin regionları arasında əməkdaşlığın bu münasibətlərə xüsusi töhfə verdiyini vurğulayıb. Ötən il Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu xatırladaraq, iki dost ölkə arasında xüsusən iqtisadi münasibətlərin uğurla inkişaf etdiyini bildirib.
Qubernatora Azərbaycan iqtisadiyyatı, ölkəmizin enerji strategiyası, iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, sənaye, kənd təsərrüfatı, turizm haqqında geniş məlumat verilib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğu və region iqtisadiyyatının 70 faizinin məhz bizim ölkəmizdə cəmləşdiyi bildirilib.
Qubernator Şuiçi Kono, Miyazaki prefekturasının Azərbaycanın bu və ya digər regionu ilə müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.
Gürsel İsmayılzadə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu və bir çox ölkələrə, o cümlədən Yaponiyaya ixrac edildiyini bildirib. Miyazaki prefekturasının Yaponiyanın qabaqcıl kənd təsərrüfatı regionu olduğunu nəzərə alaraq, bu sahədə əməkdaşlıq əlaqələri yaratmaqda maraqlı olduğumuzu qeyd edib.
Səfər çərçivəsində Miyazaki şəhər meriyasında Azərbaycan iqtisadiyyatına həsr edilən təqdimat keçirilib. Təqdimatda Azərbaycanın iqtisadi göstəriciləri, uğurları, həyata keçirilən beynəlxalq layihələr, əcnəbi iş adamları üçün yaradılan əlverişli işgüzar şərait barədə ətraflı məlumat verilib.
Miyazaki prefekturasında yerləşən bir sıra müəssislərin fəaliyyəti ilə tanış oluan səfir yerli KİV-lərin suallarını da cavablandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio