Yaponiyanın SoftBank telekommunikasiya şirkəti ayda 300 milyon tibbi maska təqdim edəcək
Tokio, 12 aprel, AZƏRTAC
Yaponiyanın SoftBank telekommunikasiya şirkəti ölkədə davam edən çatışmazlığı aradan qaldırmaq məqsədilə ayda 300 milyon tibbi maska təqdim etməyə hazır olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, SoftBank şirkəti Çinin BYD şirkəti ilə maydan başlayaraq ayda 200 milyon adi və 100 milyon N95 respirator-maskanın alınması barədə razılıq əldə edib.
Çinin elektromobil istehsalı ilə məşğul olan BYD şirkəti koronavirusun yayılması ilə əlaqədar fevraldan başlayaraq tibbi maskaların kütləvi istehsalını həyata keçirir.
SoftBank şirkəti BYD-dən aldığı maskaları Yaponiyaya əlavə mənfəət əldə etmədən təqdim etməyi planlaşdırır.
Şirkətin rəhbəri Son Masayoşi öz “Twitter” səhifəsində yazıb ki, SoftBank Yaponiya hökuməti ilə əməkdaşlıq edərək, ölkədə yaranmış tibbi maska çatışmazlığını aradan qaldırmağa çalışacaq.
Qeyd edək ki, Yaponiya hökuməti şirkətlərə müraciət edərək ölkədə özünü kəskin şəkildə göstərən tibbi maska çatışmazlığını aradan qaldırmaq üçün kütləvi istehsalı ayda 700 milyon ədədə çatdırmağa çağırıb.
Əgər bura SoftBankın təqdim edəcəyi 300 milyon maskanı əlavə etsək, o zaman Yaponiyada aylıq tibbi maska təchizatı 1 milyarda çatacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio