Yaşadığı ev qəzalı vəziyyətdə olan qaziyə yeni mənzil verilib
Bakı, 19 dekabr, AZƏRTAC
Hərbi xidməti başa vurmağıma üç ay qalmış Vətən müharibəsi başladı. Gəncədə “N” saylı hərbi hissədə xidmət edirdim. Qulluq müddətində hərbi işin incəliklərinə kifayət qədər yiyələndiyimdən özümü döyüşlərə hazır hiss edirdim. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılmaq istəyirdim. Lakin mənim növbəm oktyabrın 10-da çatdı. Tərkibində döyüşdüyüm taborun cəbhə xətti Füzulidən başlayıb Şuşayadək davam etdi. Mən Füzuli, Cəbrayıl, Qubadlı, Laçın rayonlarının kəndlərinin düşməndən azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etdim. Noyabrın 2-də Laçında yaxınlığıma düşən minaatan mərmisi hər iki ayağıma xəsarət yetirdi. Sol ayağım xüsusilə ağır yaralanmışdı. Belə ki, omba sümüyü parçalanmış, oturaq sinirim zədələnmişdi. Təəssüf ki, yaralarım ağır olduğundan ərazi bütövlüyümüzün bərpası uğrunda cəmi 24 gün döyüşə bildim, Şuşaya gedib çıxmaq mənə nəsib olmadı.
Vətən müharibəsi qazisi Əbülfət Qurbanov bunu AZƏRTAC-a verdiyi müsahibədə deyib.
Onun dediyinə görə, aparılan müalicələrdən sonra sağ ayağının vəziyyəti yaxşı olsa da, sol ayağındakı xəsarət hələ də onu incidir: “Sağ ayağıma İlizarov aparatı qoşuldu və hərəkət qabiliyyətim bərpa olundu. Lakin hazırda sol ayağımda hissiyyat yoxdur. Ölkəmizdə müxtəlif xəstəxanalarda müalicə alsam da, “YAŞAT” Fondunun təşəbbüsü ilə Türkiyəyə göndərildim. Qardaş ölkədə bir neçə dəfə əməliyyat olundum, qayıtdıqdan sonra Fond tərəfindən reabilitasiya xidmətləri ilə təmin edildim. Gələn il isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə reabilitasiya xidmətləri almaq imkanım olacaq. Mənə ikinci qrup əlillik təyin olunub. Paytaxtın Qaraçuxur qəsəbəsindəki yaşadığım ev qəzalı vəziyyətdə idi, ona görə də Vətən müharibəsi qazisi kimi Kürdəxanıda ikiotaqlı mənzillə təmin olunmuşam”.
Əbülfətin həyat eşqi tükənmək bilmir: “Yaralarım nə qədər ağır olsa da, tezliklə ayağa qalxacağıma və əvvəlki həyatıma qayıdacağıma inamım böyükdür. Hazırda diz oynağımda əyilmə, yeyilmə prosesi gedir. Odur ki, bundan sonra da əməliyyatlar keçirtməliyəm. Hər şeyə rəğmən qalib ölkənin əsgəri olmaq mənə bütün ağrıları unutdurur”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Əbülfət Qurbanov “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.