Yasamalda qanunsuz fəaliyyət göstərən ictimai iaşə müəssisəsi aşkarlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
Bakının Yasamal rayonunda Ə.Haqverdiyev küçəsində yerləşən “Nur” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
İctimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. İşçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.