“YAŞAT” Fondunun vəsaiti necə formalaşır və hansı istiqamətlərdə xərclənir?
Bakı, 8 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI” təsdiqlənib. AZƏRTAC xəbər verir ki, sənədə əsasən, Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində etdiyi yardımlar (ianələr) və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Yardımlar Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən, habelə Fondun qısa nömrəsinə SMS göndərməklə, yaxud bank köçürməsi və ödəmə terminalları vasitəsilə edilir.
“YAŞAT” Fondunun vəsaitindən şəhid ailəsi statusu alan və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil və yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərində istifadə olunur.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.