“YAŞAT” Fondunun yaradılması cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə töhfə verəcək
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondunun yaradılması, sadəcə, belə ailələrin sosial problemlərinin həll edilməsinə deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə töhfə verəcək.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir: “Təbii ki, dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır. Şəhid ailələrinə və müharibə veteranlarına birdəfəlik yardım da daxil olmaqla, çoxsaylı güzəştlərin tətbiq olunması, onların mənzil və avtomobillərlə təmin edilməsi, aylıq müavinət və təqaüdlərin verilməsi, vergi güzəştlərinin nəzərdə tutulması və digər kimi bu qəbildən olan sosial güzəştlər yalnız təminatın kiçik bir qismidir.
Deputatın sözlərinə görə, işverənlərlə bu statusda olan vətəndaşlarımız üçün məcburi kvotanın müəyyən edilməsi, özünüməşğulluqla bağlı çoxsaylı layihələrin həyata keçirilməsi və maliyyələşdirilməsi də güzəştli ailələrimiz üçün nəzərdə tutulan digər kateqoriyaya aid fəaliyyət növüdür. Ancaq bütün bunlarla yanaşı, ayrı -ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edir ki, yeni yaradılan “YAŞAT” fondu da məhz bu funksiyanı yerinə yetirəcək.
“Bizim ən yaxşı milli xüsusiyyətlərimizdən biri də qarşılıqlı yardımlaşma və bunun üçün cəmiyyətin səfərbər olma əzmini göstərə bilməsidir”, - deyən Hikmət Babaoğlu vurğulayıb ki, bu gün əldə etdiyimiz tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla, həm də milli birliyimizi gücləndirir. Nəticə etibarilə hər bir fərd özünü tarixi qələbəmizin, torpaqlarımızın işğaldan azad olunmasının bir növ iştirakçısına çevrilə bilmə arzusunu realizə etmiş hesab edir ki, bu da ictimai vicdanı rahatladan mühüm mənəvi komponentin qismində çıxış edir. Beləliklə, biz xalq olaraq ümumi işimizə birgə töhfə verməklə bərabər, kütləvi sinxron hərəkətin iştirakçısı olur və milli-mənəvi bağlarımızı möhkəmləndiririk. Bu, çox mühüm hadisədir və gələcək inkişafımız, birlik və bərabərliyimiz üçün çox vacibdir.