Yaşıl konsepsiya ekoloji cəhətdən əlverişli layihələrin maliyyələşməsinə imkan yaradır
Bakı, 21 iyul, AZƏRTAC
Gündəlik rutin həyatımız bizi sanki əmin edir ki, istədiyin vaxt su, hava, qida var və s. Lakin pandemiya dövrü bizə əyani olaraq göstərdi ki, bəzən hər gün öyrəşdiyimiz rutin həyat dəyişilə bilər. Çox az ehtimal var ki, su qıtlığını indiki nəsil görsün. Heç kəsə sirr deyil ki, tənzimlənməmiş istehlak sonda cəmiyyətin ekoloji problemlərlə üz-üzə qalması ilə nəticələnəcək. Gələcəkdə müharibələrin məhz su, qida üçün olacağını artıq alimlər də bəyan ediblər. Əlbəttə ki, ekoloji problemlərin həlli yalnız kompleks şəkildə baş verməlidir. Düşünürəm ki, ölkə vətəndaşları bağça və məktəb yaşlarından ali məktəbi bitirənədək ekoloji tərbiyələndirilməlidir. Uşaq yaşlarından ağacın, havanın, flora və faunanın insan üçün nə qədər əhəmiyyətli olduğunu eşidən insan artıq həddi-buluğa çatanda gündəlik həyatında bütün qaydalara riayət edəcək.
Niyə yaşıl maliyyə?
AZƏRTAC xəbər verir ki, bu suala qiymətli kağızlar üzrə hüquq eksperti Pərvanə Qasımova aydınlıq gətirib.
Onun fikrincə, yaşıl maliyyə adı altında olan konsepsiya çox cəlbedicidir. Belə ki, istehlak prosesinin əsas subyektlərindən biri olan istehsalçı hər zaman maksimal gəlir əldə etmək barədə düşünür. Ekoloji problemlər onu qısamüddətli perspektivdə maraqlandırmır. Lakin istehsalçı üçün əlavə maliyyə hər zaman cəlbedicidir. Yaşıl maliyyə konsepsiyası isə istehsalçıya məhz ekoloji cəhətdən əlverişli olan layihələr üçün maliyyələşmə imkanı yaradır. Nəticə etibarı ilə istehsalçı sanki maliyyələşmək üçün təbiətə töhfə vermiş olur.
Hazırda ən populyar olan yaşıl maliyyə aləti yaşıl istiqrazlardır. Bu istiqrazlar ekoloji layihələrin maliyyələşdirilməsi üçün buraxılır. İstiqrazların gəlirliliyi adətən digər istiqrazlardan daha aşağı olsa da, investorlar ekoloji faktoru üstün tutur.
Bu cür maliyyələşmə mexanizmində həm yaşıl istiqrazı emissiya edən həm də bu istiqraza investisiya edən şəxslər ekologiyaya öz töhfəsini vermiş olur.
“Azərbaycanda bir başa yaşıl istiqrazların buraxılışını tənzimləyən normalar olmasa da, bu istiqrazları ümumi normalar əsasında da buraxmaq olar. Əsas şərt kimi yaşıl istiqraz emitentinin Beynəlxalq Kapital Bazarları Assosiasiyasının prinsiplərinə riayət etməsidir. Qonşu ölkələrdən biri “Şəhərin yaşıl istiqrazları” adı altında olan layihə çərçivəsində şəhərin dizel ilə işləyən avtobuslarını elektroavtobuslara dəyişdirilməsini həyata keçirib. Reklam üçün istifadə olunan sloqan isə “1 istiqraz alışı havaya buraxılan zərərli maddələri 4 qram azaldır” bu istiqrazların 51 faizinin məhz əhali tərəfindən alınmasına kömək etdi. Yaşıl istiqrazlara investisiya investor üçün iki məna kəsb edir. O, bir tərəfdən maliyyə, digər tərəfdən isə dayanıqlı gələcəyə investisiya edir”, - deyə ekspert qeyd edib.
Məlumat üçün qeyd edim ki, ilk yaşıl istiqrazlar ilk dəfə Dünya Bankı tərəfindən 15 il əvvəl tədavülə buraxılıb.