Yaşıllaşdırma Departamenti adları “Qırmızı kitab”a düşmüş bitkiləri çoxaldır
Bakı, 4 yanvar (AZƏRTAC). Azərbaycan 2000-ci ildə biomüxtəliflik üzrə Beynəlxalq konvensiyaya qoşulmuşdur. Hazırda bu istiqamətdə mühüm tədbirlər görülür, xüsusi mühafizə edilən təbiət ərazilərinin şəbəkəsi genişləndirilir, yeni parklar, dövlət təbiət qoruqları yaradılır, həmçinin xüsusi mühafizə rejimi gücləndirilir. Eyni zamanda, bu sahənin hüquqi bazası möhkəmləndirilərək beynəlxalq hüquq normaları səviyyəsinə yaxınlaşdırılır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekoloji Park”ı biomüxtəlifliyin qorunması sahəsində fəaliyyətini davam etdirir. Burada ARDNŞ-nin balansında olan rekultivasiya olunmuş ərazilərdə əkilmək üçün nəzərdə tutulan və Abşeron şəraitinə introduksiya edilmiş ağac-kol tinglərinin yetişdirilməsi ilə yanaşı, Azərbaycan təbiətinin relikt, nadir, endemik və nəsli kəsilmək təhlükəsi olan, adları “Qırmızı kitabı”a salınmış ağac-kol növlərinin qorunması və çoxaldılması işləri görülür. Hazırda “Ekoloji Park”ın istixana və açıq şitilxana sahəsində nəsli kəsilmək təhlükəsi olan ağac-kol bitkilərindən ona qədər növün vegetativ və generativ yolla çoxaldılması üçün müxtəlif təyinatlı təcrübə və tədqiqat işləri aparılır. Burada hər bir növün bio-ekoloji xüsusiyyətləri nəzərə alınmaqla Bakı çuzqunu, adi əncir, adi nar, dəmirağacı, Şərq çinarı, Lənkəran akasiyası, saqqızağacı, Eldar şamı, Xəzər lələyi, şabalıdyarpaq palıd, dağdağan və s. kimi ağac-kol növləri təbii mühitlərinə uyğun şəraitdə çoxaldılaraq becərilir. Bu işlərin prioritet bir sahə kimi gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda “Qırmızı kitab”ın tərtib olunması 1977-ci ildə qərarlaşdırılmışdır. Həmin vaxtdan bəri bitki və heyvanların kitaba salınması onların məhv olmasının qarşısını müəyyən qədər almışdır. Azərbaycanın “Qırmızı kitab”ının ikinci nəşrinə 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növü daxil edilmişdir.