YAY MÖVSÜMÜ İLƏ ƏLAQƏDAR SƏRNİŞİN QATARLARININ NÖMRƏLƏRİNDƏ, HƏRƏKƏT CƏDVƏLLƏRİNDƏ VƏ MARŞRUTLARINDA DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
Dövlət Dəmir Yolu mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, bu il mayın 30-dan etibarən Bakı-Moskva marşrutu ilə hərəkət edən 55/56 nömrəli qatar həftədə 3 dəfə olmaqla üçüncü, beşinci və bazar günləri saat 17.00-da Bakıdan yola düşəcək, həftənin ikinci, dördüncü və altıncı günləri saat 8.05-də Bakıya gələcəkdir.
31/32 nömrəli Bakı-Kiyev qatarı həftədə bir dəfə olmaqla, altıncı gün saat 19.35-də Bakıdan yola düşəcək, növbəti həftənin beşinci günü saat 14.40-da şəhərimizdə olacaqdır.
Bakı-Xarkov qatarı bundan belə 369/370 nömrə ilə həftədə bir dəfə olmaqla, dördüncü gün saat 19.35-də Bakıdan çıxacaq, növbəti həftənin ikinci günü saat 14.40-da paytaxtımıza gələcəkdir.
Bakı-Rostov qatarının nömrəsi də dəyişdirilmişdir. 391/392 nömrəsi verilmiş bu qatar ayın müəyyən edilmiş tarixlərində (1-i, 7-i, 9-u, 15-i, 17-i, 23-ü və 25-i) saat 8.10-da paytaxtımızdan yola düşəcək, ayın 5-də, 11-də, 13-də, 19-da, 21-də, 27-də və 29-da saat 21.40-da Bakıda olacaqdır.
Bakı-Sverdlovsk qatarına 373/374 nömrəsi verilmişdir. Bu qatar üçün sərnişin sıxlığı nəzərə alınmaqla reyslərin sayı artırılaraq günaşırı hərəkət cədvəli müəyyən edilmişdir. Qatar ayın cüt tarixlərində saat 12.35-də Bakıdan çıxacaq və cüt tarixlərdə də saat 21.40-da şəhərimizə çatacaqdır.
Bakı-Brest marşrutu üzrə işləyən 43/44 nömrəli qatarın hərəkəti müvəqqəti dayandırılmışdır.
Bunlardan əlavə, dəmir yolu nəqliyyatında əhaliyə xidmətin səviyyəsini yüksəltmək məqsədi ilə yeni marşrutlar açılmışdır. İyun ayının 3-dən etibarən 313/314 nömrəli yeni Bakı-Sankt-Peterburq sərnişin qatarı hərəkətə başlayacaqdır. Qatar 4 dəfə olmaqla ayın 3-ü, 11-i, 19-u və 27-də saat 6.10-da Bakıdan yola çıxacaq, ayın 9-u, 17-i, 25-i və növbəti ayın 3-də saat 21.20-də Bakıya çatacaqdır.
Mayın 30-dan başlayaraq birbaşa yeni Bakı-Samara, Bakı-Ufa, Bakı-Çelyabinsk vaqonları 373/374 nömrəli Bakı-Sverdlovsk qatarının, Bakı-Dnepropetrovsk, Bakı-Simferepol və Bakı-Lvov birbaşa vaqonları isə 31/32 nömrəli Bakı-Kiyev qatarının tərkibinə qoşulacaqdır.