REGİONLAR
Yeni əkin əmsalları fermerlərin dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya edəcək
Bakı, 12 mart, AZƏRTAC
Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 12-də keçirilən mətbuat konfransında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, kompensasiyanın məbləği hər hektara görə 20-50 manatadək dəyişəcək. Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.
“Fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd olunan istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib, bununla da yeni əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən olunub.