YENİ TAMAŞALAR HAZIRLANIR
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, cari mövsümdə teatr repertuarına Vasif Adıgözəlovun “Natəvan” operası, Sergey Prokofyevin ”Klassik simfoniyası” əsasında “Tamahlar” baleti və milli opera sənətimizin incisi - Üzeyir Hacıbəyovun “Koroğlu” operasını daxil etmişdir. Bu il teatrın səhnəsində bir çox dünya şöhrətli sənətçilər çıxış etmişlər. Mövsüm ərzində xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Əli Əsgərov, Həsən Enami, gənc solistlərdən Natəvan İsmayılova, Ülvi Qılınc Rusiya, Almaniya, Fransa, Birləşmiş Ərəb Əmirliklərində, Gülnaz İsmayılova, Səbinə Əsədova, Anar Bagırov, Fərid Əliyev Türkiyədə Beynəlxalq opera sənəti festivalında uğurla çıxış etmişlər.
Teatr öz səhnəsində yaradıcı gənclərə geniş meydan vermiş, onların çıxışına şərait yaratmışdır. Balet truppasında da istedadlı sənətçilərin çıxışları təqdirəlayiq olmuşdur. 2004-cü ilin sonuna kimi iki yeni tamaşanın quruluşu üzərində iş başa çatdırılacaq və onların premyerası keçiriləcəkdir. Hazırda görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Trubadur” operasının quruluşu üzərində iş gedir.
Teatr mövsümü başa çatsa da yaradıcı kollektiv yeni tamaşalar üzərində məşq edir. Yeni mövsüm ənənəvi olaraq sentyabrın 18-də başlayacaqdır.