YENİ YERALTI PİYADA KEÇİDİ MÜASİRLİYİ VƏ GÖZƏLLİYİ İLƏ SEÇİLİR
![]() |
![]() |
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Heydər Əliyev adına Sarayın qarşısındakı ərazidə, Rəşid Behbudov və Məhəmməd Füzuli küçələrinin kəsişməsində tikilmiş yeraltı piyada keçidinin açılışında iştirak etmişdir. Buraya toplaşan inşaatçılar və paytaxt sakinləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı”na uyğun tikilən və sayca istifadəyə verilən dördüncü keçidin yerüstü məkanı, ətrafda aparılan yenidənqurma işləri ilə tanış oldu.
Bildirildi ki, üst hissədə əraziyə Avropa şəhərləri üçün xarakterik tərzdə, yonulmamış təbii qranit parçalar döşənmişdir. Bir vaxtlar bu, Bakıda da ənənə şəklini almışdı. Bunun yenidən dirçəldilməsi müsbət hal kimi qiymətləndirilə bilər.
Dövlətimizin başçısı keçidin rəmzi açılışını bildirən lenti kəsdi, keçidin planı ilə tanış oldu, ərazinin əvvəlki və indiki görünüşünü əks etdirən fotoşəkillərə, texniki otaqlara, kiçik ticarət obyektlərinə baxdı.
Məlumat verildi ki, “Akkord” şirkətlər qrupunun inşa etdiyi bu keçid müasir standartlara tam cavab verir. Eni 17 metr, uzunluğu 36 metr olan keçidin dörd çıxışı vardır. Onların hər birində ABŞ-ın “Otis” firmasının istehsalı olan 2 eskalator quraşdırılmışdır. Açıq hava şəraiti üçün nəzərdə tutulmuş eskalatorlar çox etibarlıdır və elektrik enerjisi sərfi azdır. Sərnişin olmadıqda eskalator özü dayanır, sərnişin yaxınlaşdıqda isə yenidən hərəkətə gəlir.
Yüksək mühəndis qurğularının tətbiq olunduğu keçidin dünya standartlarına cavab verən isitmə-soyutma, ventelyasiya və yanğın mühafizəsi sistemləri vardır. Paslanmayan materiallardan, güzgü əksi verən alüminium lövhələrin ahəngi açıq zümrüd rəng çalarları ilə harmoniya yaradır. Keyfiyyətli, təbii və süni üzlük materialların tətbiqi yeraltı məkanda gün işığı effekti verir. “Philips” firmasının ən yeni məhsulu olan işıqlandırma sistemi diqqəti cəlb edir. Burada 14 kiçik ticarət dükanı fəaliyyət göstərəcəkdir. Mühafizə və texniki nəzarət də yüksək səviyyədə olacaqdır. Bunun üçün xüsusi nəzarət kameraları qurulmuşdur. Keçiddə daimi olaraq həzin musiqi səsləndirilməsi üçün avadanlıq quraşdırılmışdır. Cari ildə İSO beynəlxalq sertifikatına layiq görülən “Akkord” şirkətlər qrupu tikintidə ən son yeniliklərdən geniş istifadə etmişdir. İnşaat işlərində 50-dən çox adam çalışmışdır.
Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev keçidlə Heydər Əliyev adına parka çıxaraq buranı gəzdi, ulu öndərin abidəsini ziyarət etdi. Paytaxtda yenidənqurma işləri zamanı keyfiyyətin və müasirliyin başlıca meyar kimi götürülməsinin zəruriliyini vurğulayan dövlətimizin başçısı parkın ətrafında yerləşən binaların xarici görünüşünün müasirləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.

