Yeniyetmələrdə baş ağrıları ürək-damar xəstəlikləri ilə bağlı ola bilər TƏDQİQAT
Bakı, 7 noyabr, AZƏRTAC
İsrail tədqiqatçıları yeniyetmələrdə tez-tez müşahidə olunan miqren ağrıları ilə yüksək qan təzyiqi və erkən ürək-damar xəstəlikləri arasında təəccüblü bir əlaqə olduğunu ortaya çıxarıb.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Yerusəlim İvrit Universitetinin alimləri 1990-2019-cu illər arasında hərbi xidmətdən əvvəlki tibbi müayinələr zamanı toplanmış 16-20 yaş arası iki milyondan çox israilli yeniyetmənin tibbi qeydlərini təhlil ediblər. Onlar miqren diaqnozu qoyulmuş yeniyetmələrin yüksək qan təzyiqi riskinin miqren problemi yaşamayanlarla müqayisədə üç dəfə çox olduğunu müəyyənləşdiriblər.
Tədqiqatın baş müəlliflərindən biri olan professor Ronit Kalderon-Marqalit miqrenin tez-tez müvəqqəti nevroloji şikayət kimi qəbul edildiyini, lakin araşdırmanın onun erkən damar disfunksiyasının bir göstəricisi ola biləcəyini vurğulayıb. O, yeniyetmələrdə yüksək qan təzyiqinin bəzən simptomsuz olduğunu, ürək-damar sisteminin gərgin olmağına baxmayaraq, özlərini yaxşı hiss etdiklərini vurğulayıb. Professor əgər vaxtında müalicə alınmazsa, miqrenin zamanla ürək xəstəliyi, böyrək zədələnməsi, göz problemləri, metabolik pozulmalar və idrak dəyişikliklərinə gətirib çıxaracağını söyləyib.
“Hypertension” jurnalında dərc olunan tədqiqat yeniyetmələrdə miqren və ürək-damar problemləri arasında əlaqəni araşdıran ən böyük tədqiqatdır.