İDMAN
YENİYETMƏLƏRİN 3-CÜ RESPUBLİKA OYUNLARININ FİNAL MƏRHƏLƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞI
Mayın 15-də İdman-Konsert Kompleksində yeniyetmələrin 3-cü respublika oyunlarının final mərhələsinin təntənəli açılış mərasimi olmuşdur. Ölkənin idman həyatında ən kütləvi və əhəmiyyətli hadisələrdən biri olan və cari ilin yanvarında start götürən indiki yarışlar iştirakçıların və keçirilmiş tədbirlərin sayına görə əvvəlkilərdən fərqlənir. Bu yarışlar idmanın 16 növü üzrə üç mərhələdə keçirilir. Yanvar-fevral aylarında rayon və şəhər birincilikləri, mart-apreldə isə zona birincilikləri olmuşdur.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev açılış mərasimində çıxışında dedi ki, oyunların başlandığı gündən yarışlarda yüz minlərlə yeniyetmə iştirak etmişdir. Zona mərhələlərinin qalibləri olan 6 minədək idmançı final mərhələsinə çıxmışdır. Mayın 13-də start götürən final oyunları ayın 24-də başa çatacaqdır. Yarışlar ən yaxşı idman meydanlarında və komplekslərində keçirilir.
Nazir vurğuladı ki, son illər Bakıda keçirilmiş beynəlxalq yarışlar, o cümlədən dünya və Avropa çempionatları Azərbaycan rəhbərliyinin ölkəmizdə idmanın inkişafı sahəsindəki uğurlarının, habelə idmançılarımızın qazandıqları nailiyyətlərin dünya idman ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilməsinə sübutdur.
Nazir nəzərə çarpdırdı ki, Azərbaycan idmançılarının Sidney Olimpiadasındakı parlaq çıxışları, habelə ötən il beynəlxalq yarışlarda rekord miqdarda - 173 medal qazanmaları respublikamızın hər bir vətəndaşında iftixar hissi doğurur. Bu nəticələrin əldə edilməsi üçün böyük səylər göstərmiş Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rolu ən yüksək qiymətə layiqdir.
Sonra Azərbaycanın dövlət himni səsləndi.
Əbülfəz Qarayev oyunların final mərhələsini açıq elan etdi.
Foto İlqar Cəfərovundur