DÜNYA
Yeraltı anomaliyalar Makedoniyalı İsgəndərin itmiş məzarının yerini göstərir
Bakı, 2 mart, AZƏRTAC
Arxeoloqlar tezliklə Makedoniyalı İsgəndərin qəbrinin tapıla biləcəyini bəyan ediblər.
“The National Geographic” bildirir ki, Qədim İsgəndəriyyənin xarabalıqlarında tapılan artefaktların itmiş sərdaba ilə bağlı olması ehtimal edilir.
AZƏRTAC “mir24.tv”yə istinadla xəbər verir ki, alimlər hökmdar ailəsinin nə vaxtsa məskunlaşdığı Ptolemey məhəlləsində tədqiqat aparıblar. Son iki min il ərzində regionu təlatümə gətirən çoxsaylı kataklizmlər səbəbindən kvartal 11 metr dərinliyə gedib.
Tədqiqatın gedişində torpağın altından ağ mərmərdən olan heykəl parçası görünüb. Mütəxəssislər onu yoxlayaraq belə güman ediblər ki, bu, əfsanəvi sərkərdənin özünün təsviri ola bilər. Bu tapıntı böyük maraq doğurub, arxeoloqlar ilk dəfə olaraq şəhərin tikintisi dövründən qalan orijinal dağıntılarla rastlaşıblar.
Kompüter skanlaması 14 anomaliyanın üzə çıxmasına şərait yaradıb. Onlardan biri axtarılan dəfn yeri ola bilər.
Xatırladaq ki, Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü ildə 32 yaşında ikən gözlənilmədən ölüb. Onun İsgəndəriyyədə dəfn edildiyi məlumdur. Sitayiş yerinə çevrilən qəbir vaxt ötdükcə itib.
Müasir tədqiqatçılar sərkərdənin ölümünün səbəbini müəyyən ediblər. Tarixi sənədlərdə təsvir edilən simptomlar Giyena-Barre - nevroloji autoimmun xəstəliyini göstərir. Bu xəstəlik barəsində ilk dəfə yalnız 1916-cı ildə yazılıb.