YERLİ İSTEHSALÇILARIN YARMARKASI AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yarmarkanın açılış mərasimində Bakı Biznes Mərkəzinin direktoru Siyavuş Yeqanlı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı departamentinin direktoru Əlihüseyn Şaliyev çıxışlarında qeyd etmişlər ki, Azərbaycan dövlətinin iqtisadi siyasətinin əsas istiqamətlərindən olan kiçik və orta sahibkarlıq sahəsində ümummilli liderimiz Heydər Əliyevin himayəsi sayəsində əhəmiyyətli işlər görülmüş, kompleks tədbirlər həyata keçirilmişdir. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkədə sahibkarlıq sektoru hərtərəfli inkişaf edir, yeni müəssisələr yaranır, iş yerləri açılır.
Yerli məhsulların yarmarkasının açılması istehsalçılar və istehlakçılar arasında marketinq əlaqələrinin yaranmasına və inkişafına səbəb olacaqdır. Bu yarmarkanın hər il keçirilməsi və ənənəvi hal alması kiçik və orta biznesin inkişafına geniş imkanlar açacaqdır. İqtisadi inkişaf naziri Fərhad Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün regionlarda sosial-iqtisadi inkişaf, sahibkarlıq və ixrac yönümlü istehsal genişlənəcəkdir. Belə yarmarkalar regionlarda da təşkil olunacaq və yerli istehsalçılar məhsullarını nümayiş etdirmək, satış bazarlarını genişləndirmək, müqavilələr bağlamaq imkanı əldə edəcəklər.
Yarmarkada “Zərin-Qala”, “Gazelli”, ”Embavvud”, ”Atropaten” ADC-Azərbaycan Süd Məhsulları Korporasiyası, “Baku Steel Company”, “Abşeron zeytun”, ”ABtravel”, “NUR-M” Azərbaycan–İspaniya M.M.B.M., “Tovuz-Baltiya”, “Bakfem”, “Miri pak” və digər müəssisə, şirkətlərin məhsulları nümayiş etdirilir.
Yarmarka öz işini iyunun 27-dək davam etdirəcəkdir.