YERLİ VƏ XARİCİ KİV-LƏRİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSI
Mayın 7-də, Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin səfirləri ilə görüşdən sonra yerli və xarici KİV-lərin nümayəndələri üçün mətbuat konfransı keçirildi.
Ərəb Dövlətləri Cəmiyyətinin baş katibi Əmr Musa və Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə jurnalistlər qarşısında çıxış etdilər.
Baş katib ƏMR MUSA çıxışında dedi:
-İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ərəb Dövlətləri Cəmiyyətində bir daha salamlayıram. Cənab Prezidentlə görüşümüzdə Azərbaycanın yerləşdiyi regionda, Yaxın Şərqdə vəziyyət və ərəb dünyasını maraqlandıran bütün məsələlər, Azərbaycan və ərəb ölkələri arasında əməkdaşlıq ətrafında müzakirələr aparıldı. Cənab Prezident Ərəb Dövlətləri Cəmiyyətinin üzvü olan ölkələrin səfirləri qarşısında çıxış etdi və regionda, Azərbaycanın ətrafında cərəyan edən hadisələrlə bağlı öz fikirlərini bölüşdü. Səfirlər bu müfəssəl və əhəmiyyətli çıxışına görə cənab Prezidentə təşəkkürlərini bildirdilər.
İndi isə icazə verin, sizin suallarınızdan öncə sözü cənab Prezidentə verim.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV çıxış edərək dedi:
-Ən əvvəl, mən ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparmaq üçün yaradılmış fürsətə görə cənab baş katibə öz minnətdarlığımı bildirirəm.
Ərəb Dövlətləri Cəmiyyəti ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf edir. Hazırda biz bu yaxınlarda imzalanmış memorandum çərçivəsində çox fəal işləyirik və ümid edirəm ki, gələcəkdə ƏDC-nin üzvü olan dövlətlərlə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edəcəkdir. Bizim əlaqələrimiz çox möhkəm tarixi, mədəni və dini əsaslara söykənir.
Bu gün baş katiblə apardığımız müzakirələr və səfirlərlə keçirdiyimiz görüş zamanı biz regional məsələləri müzakirə etdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının davamlı işğalını müzakirə etdik. Çünki bu məsələ regionda bizim hamımızı narahat edir. Biz bu münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həlli məsələsində hər zaman müsəlman, ərəb qardaşlarımızın dəstəyini duymuşuq. Əminəm ki, gələcəkdə Ərəb Dövlətləri Cəmiyyəti ilə və eyni zamanda, təşkilatın üzvü olan dövlətlərlə Azərbaycan arasında münasibətlər uğurla davam edəcəkdir.
X X X
ƏMR MUSA: Çox sağ olun cənab Prezident. İndi isə suallarınızı verin.
-Cənab Prezident, mənim sualım iki hissədən ibarətdir. Sizcə, hər iki tərəfin imkanları çərçivəsində bu əməkdaşlıq kifayət qədərdirmi və Sizi qane edirmi?
Azərbaycan sülh məqsədli nüvə enerjisi sahəsində ciddi tədqiqatlar aparır və bu məsələdə kifayət qədər təcrübəsi vardır. Bu sahədə ərəb dövlətləri ilə əməkdaşlıq aparmaq mümkündürmü?
İLHAM ƏLİYEV: Bu səfərim zamanı Azərbaycan ilə Misir arasında bir sıra önəmli sazişlər bağlanmışdır. Demək olar ki, iqtisadi və sosial məsələlərin tam əksəriyyəti bu sənədlərdə öz əksini tapmışdır.
Dünən Misir Ərəb Respublikasının Prezidenti ilə görüşdə də ikitərəfli əlaqələr, regional məsələlər və bizim birgə fəaliyyətimiz haqqında geniş fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da diqqət mərkəzində idi. Azərbaycanda son illər ərzində iqtisadi inkişaf çox sürətlə gedir. Mən, öz növbəmdə, Misirdən və bütün ərəb dünyasından olan iş adamlarını Azərbaycana iş görmək üçün dəvət etmişəm. Yəni bir sözlə, deyə bilərəm ki, iki ölkə arasında əlaqələr çox yüksək səviyyədədir və biz bundan çox razıyıq.
O ki qaldı sualın ikinci hissəsi, Azərbaycanda nüvə enerjisi, bu məsələyə dair aparılan tədqiqatlar barədə deyə bilərəm ki, bu sahədə bizim heç bir fəaliyyətimiz yoxdur. Azərbaycanda çox zəngin neft-qaz yataqları var. Bizim hesablamalarımıza görə, ən azı, növbəti yüz il ərzində Azərbaycan özünü də, tərəfdaşlarını da təbii qazla və neftlə təmin edə biləcəkdir. İndi dünyada ən çox müzakirə olunan enerji təhlükəsizliyi məsələləridir. Azərbaycan bu işə öz töhfəsini verir və bundan sonra da verəcəkdir.
-Hörmətli cənab Prezident, Azərbaycanla ərəb dünyasının əməkdaşlığının miqyasını necə görürsünüz?
İLHAM ƏLİYEV: Əlbəttə ki, imkanlar çox böyükdür. Amma nəzərə alsaq ki, Azərbaycan müstəqil ölkə kimi cəmi 15 ildir yaşayır, hesab edirəm, bu illər ərzində ərəb ölkələri ilə Azərbaycan arasında qurulmuş münasibətlərin səviyyəsi çox yüksəkdir. Biz həm ikitərəfli müstəvidə, həm də İslam Konfransı Təşkilatı çərçivəsində çox uğurlu əməkdaşlıq edirik. Qısa müddət ərzində yeddi ərəb ölkəsində Azərbaycanın səfirliyi yaradılıb və növbəti illərdə başqa ərəb ölkələrində də səfirliklər açılacaqdır. Yəni bu, özlüyündə bizim bu münasibətlərin inkişafına olan marağımızı göstərir. Ərəb ölkələrindən olan şirkətlər Azərbaycanda çox uğurla fəaliyyət göstərir və biz istəyirik ki, onların sayı və işinin həcmi daha da çoxalsın.