Yevlaxda musiqiçilərin eyvandan canlı konserti maraqla qarşılanıb
Yevlax, 11 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar sosial izolyasiya şəraitində olan sakinlərə Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə eyvandan canlı konsert verilib. Konsertin təşkilində məqsəd karantin dövründə evdə qalan sakinlərdə ruh yüksəkliyi yaratmaq, onlara mənəvi dəstək olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər Mədəniyyət Mərkəzinin çoxmənzilli yaşayış binalarından birinin eyvanında təşkil etdiyi konsert zamanı musiqiçilər ətrafdakı binaların sakinlərinə rəngarəng musiqi nömrələri, o cümlədən bəstəkar və xalq mahnılarını canlı ifalarla təqdim ediblər.
Konsert proqramı sakinlər tərəfindən böyük maraqla qarşılanıb.