Yevlaxda şəhid övladları üçün bayram tədbiri keçirilib
Yevlax, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid övladları üçün mövcud pandemiya qaydalarına uyğun bayram tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb. Şəhər Mədəniyyət evinin kollektivi tərəfindən uşaqlar üçün kukla tamaşası nümayiş etdirilib. Şən klounların çıxışı uşaqlara sevincli anlar bəxş edib. Sonda şəhid övladlarına Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Uşaqların valideynləri təşkil olunan bayram şənliyinə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.