YOL-NƏQLİYYAT KOMPLEKSİNİN YENİDƏN QURULMASI SÜRƏTLƏ APARILIR
Natiqin verdiyi məlumata görə, 1998-ci ilin əvvəlindən 2006-cı il avqustun 1-dək yol-nəqliyyat kompleksinin yenidən qurulmasına 90,67 milyon ABŞ dolları həcmində kredit yönəldilmişdir. Bu vəsaitin 78,04 milyon dolları beynəlxalq maliyyə qurumları tərəfindən ayrılan kreditlərdir. Kreditləşmədə Azərbaycan hökumətinin payı 12,63 milyon dollardır. 2006-2008–ci illərdə iqtisadiyyatın bu sahəsinə yönəldiləcək kreditlərin məbləği 1311,287 milyon dollar məbləğində proqnozlaşdırılır. Bu vəsaitin 1072,4 milyon dolları xarici kreditlərin payına düşür. Azərbaycan tərəfindən 238,887 milyon dollar ayrılması nəzədə tutulmuşdur.
Hacıqabul-Kürdəmir, Kürdəmir–Ucar, Ucar-Yevlax, Yevlax-Gəncə və digər avtomagistralların yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verən departament rəisi bildirdi ki, bu yollara əlavə 2 zolaqlı magistralların çəkilməsinin texniki-iqtisadi əsaslandırma layihələri nüfuzlu beynəlxalq şirkətlər tərəfindən həyata keçirilir. Bütün işlərə dair müsabiqələr şəffaf aparılmışdır.
Bakı şəhərində yeni yol qovşaqlarının və keçidlərin tikintisinin qrafikə uyğun aparıldığını diqqətə çatdıran natiq əminliklə demişdir ki, bu ilin sonunadək bəzi keçidlərin istifadəyə verilməsi planlaşdırılır. Paytaxtımızda inşa olunan 9 yol qovşağının tikintisinə 146,86 milyon manat vəsait ayrılıb. Bu obyektlərdə 9 minə yaxın şəxs müvəqqəti işlə təmin edilib.