CƏMİYYƏT
Yol polisi xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirləri gücləndirib
Bakı, 11 aprel, AZƏRTAC
Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri daha da gücləndiriblər.
AZƏRTAC xəbər verir ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar avtomobil yollarında nəzarət artırılıb. Paytaxtın avtomobil yollarında polis postlarının sayı çoxaldılıb. Keçirilən tədbirlər çərçivəsində Yol Patrul Xidməti, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ciddi yoxlanılır.
Səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilirlər.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 10-u saat 00:00-dan aprelin 11-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.