Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulur
Bakı, 4 fevral, AZƏRTAC
AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və həmin müəssisənin infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə istehsal edilən sənaye və sürtkü yağları, həmçinin beynəlxalq akkreditasiyadan keçmiş AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması rəhbəri olduğu qurumun əsas hədəflərindəndir.
Görüşdə YT Parkda istehsal olunan yağ və sürtkü məhsullarının dövlət satınalınması məsələləri barədə müzakirələr aparılıb.
YT Parkda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə həyata keçirilən innovativ layihələr nazirliyin əməkdaşlarının böyük marağına səbəb olub.
Daha sonra YT Park ilə nazirlik arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.
Görüşdə ETSN-in ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsindən Mehman Nəbiyev, xidmət sahələrinin təşkili şöbəsindən Zamin Orucov, nəqliyyat departamentinin müdiri Fizuli Babayev, eləcə də ətraf mühit və sərvətlərin tənzimlənməsi şöbəsindən Mirsalam Qənbərov iştirak ediblər.