Yüksək Texnologiyalar Parkına şagirdlərin ekskursiyası təşkil olunub
Bakı, 25 iyun, AZƏRTAC
Bakı şəhərində yerləşən 189-190 saylı tam orta məktəbin şagirdləri üçün AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) ekskursiya təşkil edilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, ekskursiya zamanı şagirdlər burada müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə tanış olublar. Məktəblilər, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzinin reallaşdırdığı layihələr, görülən işlərlə bağlı məlumatlandırılıblar.
Ekskursiyada gələcəyin tədqiqatçılarına texnoparkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən hazırlanan dronların uçuş imkanları nümayiş olunub, bu dronların strateji əhəmiyyəti barədə məlumat verilib.
Ekskursiya AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun təşəbbüsü ilə reallaşıb. Əsas məqsəd şagirdlərdə elmə, biliyə, yüksək texnologiyalara, o cümlədən bu kimi layihələrə marağın artırılmasıdır.
Qeyd edək ki, ekskursiya “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq 2022-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulan növbəti layihəyə hazırlıq məqsədilə keçirilib.