Yumruq kimi bir olmağımız ərazi bütövlüyümüzün bərpasını reallaşdırır
Bakı, 10 noyabr, AZƏRTAC
Son bir ayda müstəqil Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı tarixi uğurlar milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığının nümayişi oldu.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin təxribatlarına tutarlı cavab verməsi, düşmən tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaradıb. İgid, mərd əsgərlərimizin şücaəti nəticəsində hər gün cəbhədən aldığımız sevindirici xəbərlər Azərbaycan xalqını torpaqlarımızı azad etmək, şanlı bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandırmaq amalı uğrunda Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdirdi.
Dövlətimizin başçısının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsi daxilən səfərbər etdi, işğal olunmuş torpaqlara yenidən dönmək ümidi ilə milli birliyimizi möhkəmləndirdi, Böyük Qələbəyə zəmin yaratdı. İllərdir yağı tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmış xalqımız bu haqq savaşında öz Prezidentinə inandı, arxalandı, ondan güc aldı. Vətən müharibəsi ölkəmizdə həm də siyasi partiyaların milli həmrəyliyinin, birliyinin nümayişi oldu.
Əks-hücum əməliyyatlarının başladığı ilk gündən bütün Azərbaycan xalqı kimi, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın da dövlətimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini bəyan etməsi milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını bir daha sübuta yetirdi.
2020-ci ilin Vətən müharibəsi Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin növbəti təzahürü, xalqımızın Müzəffər Ali Baş Komandanına, ölkəmizdə həyata keçirilən siyasətə dərin etimadı, dünya azərbaycanlılarının milli birlik, həmrəylik ruhu ilə tarixə yazılır.
Siyasi partiyaların Şuşanın işğaldan azad edilməsi münasibətilə dövlətimizin başçısına ünvanladıqları təbrik məktubunda deyilir: “Şuşa qələbəsi Böyük Zəfərin ilk müjdəçisidir və Ermənistanın işğalı altında olan bütün torpaqlarımız azad edilənə qədər Azərbaycan mübarizəyə davam edəcək. Bu mübarizədə hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə birlikdə Sizin yanınızdayıq və hər bir əmrinizə tabeyik”.
Qürurverici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi proqram və platformalarından, siyasi baxışlarından asılı olmayaraq, ilk gündən milli həmrəylik göstərdilər, Müzəffər Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Bu da Azərbaycan xalqının hər zaman ümummilli, ümumxalq dövlətçilik maraqlarının siyasi, partiya, şəxsi maraqlarından üstün tutduğunun əyani təsdiqidir.
Dövlətimizin başçısının cəmiyyətimizdə birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik rəmzinə çevrilən “Biz birlikdə güclüyük!” çağırışı bugünkü Qələbəmizi təmin edən əsas amillərdəndir. Yumruq kimi bir olmağımız, milli birlik, həmrəylik nümayiş etdirməyimiz, dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, xalqımızın Böyük Qələbəyə əminliyini artırdı, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün bərpasını reallaşdırır.