YUNAN-ROMA GÜLƏŞÇİLƏRİMİZ MÜBARİZƏLƏRİNİ DAVAM ETDİRİRLƏR
Bakı, 26 sentyabr (AZƏRTAC). Danimarkanın Herninq şəhərində təşkil olunmuş güləş üzrə dünya çempionatı davam edir.
Yarışin altıncı günündə keçiriləcək görüşlərdə Azərbaycan pəhləvanlarından 60, 84 və 96 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri medal uğrunda mübarizəyə qoşulacaqlar. Qeyd olunan çəkilərdə təmsilçilərimizin rəqibləri artıq bəlli olmuşdur. Hər üç idmançımız yarışlara 1/16 final mərhələsindən qoşulacaqlar. Pekin Olimpiya Oyunlarının gümüş medalçısı Vitali Rəhimov (60 kq) italyan Paolo Fucili ilə qarşılaşacaqdır. Milli komandamızın digər üzvü 84 kq çəki dərəcəsində mübarizə aparan Şalva Qadabadzenin rəqibi Slovakiya pəhləvanı Marian Mixalik olacaqdır. Ölkəmizi 96 kiloqram çəki dərəcəsində təmsil edən rusiyalı Denis Mişin (96 kq) isə Braziliya təmsilçisi Davi Albino ilə qurşaq tutacaqdır.
Dünya çempionatının sonuncu günü isə sentyabrın 27-də xalça üzərində 66, 74 və 120 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri iştirak edəcəklər. Bu görüşlərdə Afina Olimpiadasının qızıl medalçısı Fərid Mansurov (66 kq) və yığmamızın digər üzvü Rafiq Hüseynov (74 kq) mübarizə aparacaqlar. Onların rəqibləri 26 sentyabrda baş tutacaq püşkatmadan sonra bəlli olunacaqdır.
Qeyd edək ki, sentyabrın 25-də keçirilmiş oyunlarda Azərbaycan güləşçilərindən yalnız yunan-Roma güləşi üzrə təmsilçimiz - 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Bayramov medala layiq görülmüşdür. Həmyerlimiz təsəlliverici mərhələlərdə Həsən Mustafa (Misir) və Koreya güləşçisi Qyu-Jin Çoi üzərində texniki qələbə qazanaraq, bürünc mükafat uğrunda rumıniyalı Vircil Munteanu ilə qarşılaşmışdır. Bu görüşdə 3:0 və 1:0 hesabı ilə qalib gələn Rövşən Bayramov dünya çempionatının bürünc medalına layiq görülmüşdür.