Yunanıstan və Latviya deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qərəzli yanaşmadır
Bakı, 12 aprel, AZƏRTAC
Yunanıstan və Latviya parlamentlərinin deputatları Qarifalia Kanelli və Serqeys Potapkinsin beynəlxalq hüquqa zidd olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, zəbt olunmuş torpaqlarda bir milyondan artıq azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalması, Ermənistan silahlı qüvvələrinin son təxribatları və mülki insanlar arasında ölüm və yaralanma halları ilə nəticələnərək qoşunların təmas xətti boyunca yaşayan Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması və törətdiyi digər müharibə cinayətlərinə göz yumaraq aprelin 11-də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri qərəzli və təhrikçi yanaşmadır.
Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında yer alıb.
H.Hacıyev deyib: “Yunanıstan və Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinə dair mövqeyinə və ölkələrimizin qanunverici orqanları arasında olan əməkdaşlığın ruhuna zidd olaraq, bu kimi birtərəfli addımın atılması Ermənistanın təxribatçı əməllərinin təşviqinə və onsuz da ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.
Mətbuat katibi bildirib ki, ölkələrimiz arasında mövcud olan dostluq və qarşılıqlı anlaşmadan çıxış edərək, sözügedən məsələ ilə əlaqədar Latviya və Yunanıstandakı səfirliklərimiz Azərbaycanın narahatlığını bu ölkələrin aidiyyəti dövlət orqanlarına çatdıracaq.