Yunis Hüseynov: Futbolçularımız Ukrayna ilə oyunda daha istəkli idilər
Bakı, 14 oktyabr, AZƏRTAC
Əlbəttə ki, xal götürsəydik, daha yaxşı olardı. Amma buna baxmayaraq, futbolçularımız dünənki oyunda daha istəkli idilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində səfərdə Ukraynaya 1:2 hesabı ilə məğlub olduğu matç barədə danışarkən deyib.
Mütəxəssis nəticədən asılı olmayaraq, futbolçuların sona qədər mübarizə apardıqlarını və istək göstərdiklərini bildirib: “Oyunumuzu müdafiə üzərindən qurmuşduq. Əks-hücumlara üstünlük verirdik və bunun da bəhrəsini gördük. 43-cü dəqiqədə rəqibi əks-hücumda yaxalayıb qol vurduq. Həmçinin 4-cü dəqiqədə də əks-hücum zamanı təhlükəli vəziyyət yaratdıq. Əgər o epizod da qolla nəticələnsəydi, oyun tamam başqa cür ola bilərdi. Əfsuslar olsun ki, məğlub olduq”.
Azərbaycan millisinin sabiq üzvü hesabın oyuna görə olduğunu söyləyib: “Rəqibin də imkanları var idi. Onlar da yaxşı oynadılar. Düşünürəm ki, hesab ədalətli oldu. Amma bir epizodda hakim qırmızı vərəqə də göstərə bilərdi. Epizoda VAR-da baxılsaydı, bəlkə də qərar fərqli olardı. Amma bu, futboldur. Nə olursa-olsun, hər kəs səhv edə bilər. Hakimlər də, oyunçular da. Əsas odur ki, biz qarşıdakı görüşlərə fokuslanaq. Bakıdakı matçlarda komandamıza uğurlar arzulayıram”.
Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. Xallarının sayını 7-yə çatdıran Ukrayna seçməsi isə 2-ci pillədə yer alıb. Komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.