Yunis Hüseynov: Hakimlərin idarəçiliyi oyunların sönük keçməsinə səbəb olur
Bakı, 24 yanvar, AZƏRTAC
“Fasilədən sonra ilk turlarda bütün komandaların səviyyəsi eyni olur”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov Azərbaycan Premyer Liqanın XIX turunun oyunlarını şərh edərkən deyib.
58 yaşlı mütəxəssis “Sabah” - “Neftçi” (0:0) matçında qonaq komandanın qələbə üçün daha istəkli olduğunu bildirib: “Maraqlı və gərgin oyun keçdi. Hər iki komandanın qol şansları oldu. “Neftçi”nin yeni baş məşqçisi Miodraq Bojoviç fərqli oyun üslubu seçmişdi. Düşünürəm ki, monteneqrolu çalışdırıcının işinə indidən qiymət vermək çətindir. Hər şeyi zaman göstərəcək”.
Mütəxəssis “Səbail” - “Zirə” (0:0) görüşünün elə də məzmunlu keçmədiyini söyləyib: “Hər iki komanda Konfrans Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Qol epizodları çox olmayan matç idi. Bəlkə buna hava şəraiti də təsir göstərdi”.
Y.Hüseynovun sözlərinə görə, “Kəpəz”in “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldiyi qərb derbisi hər zaman olduğu kimi gərginliyi ilə yadda qalıb: “Kəpəz” öz meydanında oynamasa da, üstünlüyü ələ keçirməyi bacardı. Gəncə klubunun layiqli qələbə qazandığını düşünürəm. Bir məsələ ilə bağlı fikir bildirmək istəyirəm. Bu qarşılaşmada “Turan Tovuz”un futbolçusu Fuad Hacıyev Amil Yunanova qarşı kobudluqdan sonra meydandan qovuldu. Az qalmışdı ki, Amilin ayağını sındırsın. Fuad birinci dövrədə “Səbail”lə Bakıdakı görüşdə də Ağabala Ramazanova ciddi xəsarət yetirmişdi. Klubda işləyən nümayəndələr təcrübəsiz oyunçulara hansı epizodda necə davranmaq lazım olduğunu öyrətməlidirlər”.
Keçmiş hücumçunun fikrincə, “Qəbələ” - “Sumqayıt” (0:1) oyununun ədalətli nəticəsi heç-heçə idi: “Kəpəz”in qələbə qazanmasından sonra “Qəbələ”yə dünənki oyunda 3 xal hava-su kimi lazım idi. Görüş bərabər səviyyədə keçdi. Məncə, baş hakim Kamal Umudlunun penalti qərarı doğru deyildi. Çünki cərimə meydançasında rəqib futbolçular arasında mübarizə gedir. “Qəbələ”nin müdafiəçisi əli ilə rəqibə müdaxilə etsə də, buna qayda pozuntusu düşmür. Çünki belə qərarlar futbolun gözəlliyini itirir. Son turlarda hakimlərin idarəçiliyi matçların sönük keçməsinə səbəb olur. Referilər bir az diqqətli olsalar, daha yaxşı olar”.
“Qarabağ” - “Araz-Naxçıvan” (3:1) oyununda meydan sahiblərinin rahat qələbə qazandığını deyən Y.Hüseynov Ağdam təmsilçisinin qarşısıalınmaz olduğunu bildirib: “Mövsümün əvvəlində “Qarabağ”ın ölkə çempionu və kubokun qalibi olacağını demişəm. Təəssüf ki, Azərbaycan Premyer Liqasında Ağdam klubu ilə rəqabət aparacaq komanda yoxdur. Bu hal oyunların maraqsız keçməsinə səbəb olur. Əsas mübarizə ikinci və üçüncü yer uğrunda gedir. Düşünürəm ki, Qurban Qurbanovun kollektivi üçüncü dövrənin sonunda çempionluğunu rəsmiləşdirəcək. Çünki xal fərqi kifayət qədər böyükdür”.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 44 xalla “Qarabağ” başçılıq edir. Son çempion ən yaxın izləyicisini 14 xal qabaqlayır.