Yurduma Novruz gəlir – ADPU-da bayram şənlikləri
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsi Novruz bayramı münasibətilə “Baharlı yurdum” adlı tədbir təşkil edib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Novruz adət-ənənələrini əks etdirən stendlərlə tanış olublar.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib.
Sonra tələbələrdən Dilarə Abdullayeva “Xudayar təsnifi”ni ifa edib.
Kosa və Keçəlin duzlu-məzəli səhnəcikləri tələbələrin ifasında musiqi və rəqs nömrələri və fləşmobla davam edib. Şənlik yallı rəqsi ilə yekunlaşıb.
ADPU-nun Tarix və coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Suraxanı Gənclər Evinin dəstəyi ilə keçirilən “Novruz gəlir” adlı tədbirdə çıxış edən dekan Asif Axundov Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirən Novruz bayramı haqqında fikirlərini bölüşüb.
ADPU TGT-nin sədri Təhmasib İmaməliyev bayram adətlərindən söz açıb. Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova ölkəmizin hər yerində Novruz ab-havasının yaşandığını qeyd edib.
Tədbir bədii proqramla davam edib.