YURİ LUJKOV İYULUN ƏVVƏLLƏRİNDƏ BAKIYA GƏLƏCƏK
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunmuş və Azərbaycan ilə Rusiya paytaxtının daha sıx inteqrasiyasına kömək edəcək işlərin öncül istiqamətləri müəyyənləşdirilmişdir.
Yuri Lujkov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirmişdir ki, Abbas Abbasovla görüş çox faydalı olmuşdur. Birgə hökumətlərarası komissiya fəal işləyir və bu, ilk növbədə, ticarət-iqtisadi, habelə humanitar, təhsil sahələrində, Azərbaycan vətəndaşlarının tibbi təminatı sahəsində özünü göstərir. Y.Lujkov vurğulamışdır ki, danışıqların əsas yekunu Moskva hökumətinin iri topdansatış mərkəzlərinin tikintisi üçün yer ayrılmasına dair mühüm qərar qəbul etməsi olmuşdur. Bu mərkəzlərə böyük miqdarda Azərbaycan malları gətiriləcəkdir. Mer demişdir: “Bu, Moskva hökumətinin Azərbaycanın, Azərbaycan biznesinin, Azərbaycan ticarətinin xeyrinə qəbul etdiyi çox mühüm qərardır. Topdansatış mərkəzləri, yüksək səviyyəli ticarətin təcəssümüdür. Düşünürəm ki, bu, Azərbaycanın Moskvadakı, Rusiyadakı mövcud ticarət potensialına yaxşı əlavə olacaqdır”.
Y.Lujkov bildirmişdir ki, komissiyanın iclasında görülən işlərin faydalı nəticələri təsdiq olunmuş, Azərbaycan Prezidenti İlham Əliyevin iş yerlərinin artırılması, sənayenin işləməsi üçün potensialın yaradılması və bərpası ilə bağlı qəbul etdiyi qərarların yerinə yetirilməsinin dəstəklənməsi üçün bu münasibətlərin inkişafının vacibliyi diqqətə çatdırılmışdır. Moskva meri demişdir: ”Mən iyulun 5-də Azərbaycana getmək niyyətindəyəm. Tezliklə qənnadı fabriklərinin, kimya, neft emalı, energetika və digər sahələrin işinin təşkilinə nə kimi dəstək verə biləcəyimizi müəyyən etmək üçün ölkənizə sənayeçilər və biznesmenlərdən ibarət nümayəndə heyəti göndərəcəyəm. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi səylərə faydalı dəstək olacaqdır”.