YUSİF MƏMMƏDƏLİYEVİN POLŞADA YUBİLEYİ QEYD OLUNMUŞDUR
Yusif Məmmədəliyevin vaxtilə mühazirələr oxuduğu universitetdə keçirilən tədbirdə böyük alimin həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunmuş, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çəkilmiş və Yusif Məmmədəliyevə həsr olunmuş “Zamanın zirvəsi” adlı sənədli film göstərilmişdir.
Tədbirdə universitetin rektoru Jiqlivski, kimya fakültəsinin dekanı V.Suvinski, ölkəmizin Polşadakı səfiri Vilayət Quliyev, Novosibirsk Universitetinin rektoru Pustovoy, AMEA-nın müxbir üzvü, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, alimin qızı, AMEA-nın müxbir üzvü mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və başqaları Yusif Məmmədəliyevin misilsiz elmi xidmətləri barədə fikirlərini bölüşmüşlər.
Axırda Azərbaycanın caz qrupu “Bakuetic jazz” və populyar müğənni Sevda Ələkbərzadə konsert proqramı ilə çıxış etmişlər.
X X X
Yusif Məmmədəliyevin yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyinin təşəbbüsü və Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə dekabrın 8-də Varşavada nüfuzlu caz klubunda “Bakuetic jazz” qrupunun və Sevda Ələkbərzadənin iştirakı ilə konsert olmuşdur.
ABŞ-ın, Türkiyənin, Rusiyanın, Bosniya və Herseqovinanın, Belarusun, Qazaxıstanın bu olkədəki səfirlərinin, Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın və başqa rəsmi şəxslərin olduqları konsert böyük uğurla keçmişdir.