Yuxusuzluq kəskin respirator xəstəliklərə yoluxma riskini 3 dəfə artırır
Bakı, 16 iyun, AZƏRTAC
Yuxusuzluq bir çox insanı narahat edən problemlərdən birinə çevrilib. Bu hal uzun müddət davam edərsə, sağlamlıq üçün bir sıra fəsadlar ortaya çıxara bilər. Tədqiqatlara görə, uzunmüddətli yuxusuzluq kəskin respirator xəstəliklərə yoluxma riskini 3 dəfə artırır.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin həkim-nevroloqu Aydan Sultanova deyib. Onun sözlərinə görə, keyfiyyətli gecə yuxusu insan sağlamlığı üçün çox vacibdir. Statistikaya görə, yuxusuzluğa (insomnia) 30 faiz kişilərdə, 37 faiz qadınlarda rast gəlinir. Yuxu norması 18 yaşdan 64 yaşadək şəxslərdə 7-9 saat, 65 yaşdan yuxarı şəxslərdə isə 7-8 saatdır. Yeniyetmələr, yəni 14-17 yaş arası şəxslərdə isə bu, 8-10 saat təşkil edir. Orqanizmin tam bərpası üçün ən azı 7 saat yatmaq lazımdır. "Çox qısa yuxu" adlandırılan yuxu 6 saatdan az davam edəndir.
Həkimin sözlərinə görə, yuxusuzluğun orqanizmə bir sıra mənfi təsirləri var: “Onlara beyin fəaliyyətinin (diqqətin, yaddaşın, qavramanın) zəifləməsi, immunitetin aşağı düşməsi, insultun, ürək-damar xəstəlikləri, şəkərli diabet riskinin artması, artıq çəkinin yaranması, depressiv halların, intihar fikirlərinin artması kimi ciddi problemlər aiddir”.
Həkim-nevroloq yuxusuzluğun bir neçə səbəbinin olduğunu deyib: “Bunlara misal olaraq, güclü stres, əsəbilik, depressiya, psixi problemlər, alkoqolun, narkotik, psixotrop dərmanların qəbulu, müxtəlif lokalizasiyalı xroniki ağrılar, somatogen xəstəliklər (aritmiyalar, mədə-bağırsaq xəstəlikləri, endokrinoloji xəstəliklər və digərləri), vaxt və zonaların dəyişdirilməsi, səyahət, iş rejimi (gecə növbələri) kimi halları göstərmək olar. Eyni zamanda, elektron cihazların çox istifadəsi beyini çox stimulyasiya edir. Narahat şərait - çox isti, çox soyuq hava, səs-küy, çox işıqlı məkan, çox yumşaq və ya sərt döşək, hamiləliyin son trimestri kimi hallar da yuxusuzluğun ortaya çıxmasına səbəb ola bilər”.
Həkim normal yuxunun bərpası üçün məsləhətlərini də verib: “Emosional gərginlikdən uzaq durmaq, son qida qəbulunun yuxudan 3 saat əvvəl olmasına diqqət etmək, axşamlar kofedən, tünd çaydan, alkoqoldan imtina etmək lazımdır. Temperatur, rütubət, sakitlik, qaranlıq kimi halları nəzərə alaraq komfort şərait yaratmaq effektlidir. Rəqəmsal detoks, yəni yuxuya getməzdən 1,5 saat əvvəl bütün televizor və elektron cihazlardan uzaq durmaq lazımdır. Yuxusuzluğun müalicə metodları çoxdur, lakin peşəkar yanaşma olmasa, effektivliyi və keyfiyyəti az olacaq”.