ELM VƏ TƏHSİL
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün keçirilən təlimlər yekunlaşıb
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün keçirilən təlimləri yekunlaşdırıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlər Bakı şəhəri, Bərdə, Gəncə, Şəmkir regional bölmələri üzrə cəlb olunan namizədlər üçün ənənəvi qaydada, Xaçmaz, Şəki, Şirvan, Göyçay, Lənkəran regional bölmələri üzrə onlayn rejimdə keçirilib.
Təlimlərdə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları, eləcə də səmərəli ünsiyyət və işgüzar etiket texnikaları, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları haqqında məlumat verilib.
Növbəti mərhələdə namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı yanvarın 31-də başa çatıb və 945 nəfər qeydiyyatdan keçib. Cari ilin sentyabr ayından etibarən isə sistem yenidən aktiv ediləcək.