SİYASƏT
Zalsburqda Ermənistanın ən son təxribatları nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsi anılıb
Vyana, 17 sentyabr, AZƏRTAC
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat nəticəsində şəhid olmuş hərbçilərin xatirəsinə Avstriyanın Zalsburq şəhərində anım mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Evində təşkil olunmuş tədbirdə Azərbaycanın Zalsburqda fəxri konsulu Mixael Haynritsi, Türkiyənin Zalsburqda baş konsulu Günay Babadoğan Ertan, Latviyanin Zalsburqda fəxri konsulu, Zalsburq Konsulluqlar Birliyinin baş katibi və 2017-ci ildən bəri Zalsburq Konsulluqlar Birliyinin duayeni Karl Vindinq, Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Zalsburq bələdiyyəsinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dəki genişmiqyaslı təxribatı ilə əlaqədar məlumat verilib. Bildirilib ki, Ermənistanın siyasi rəhbərliyi atəşkəs əldə olunan tarixdən bu günə qədər təxribatlar törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədi daşıyır. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyət də Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Çıxış edənlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri apardığını, regionun çiçəklənməsi, iqtisadi inkişaf və kommunikasiyaların qurulması istiqamətində səylər göstərdiyini diqqətə çatdırıblar. Bildirilib ki, sülhpərvər siyasət yürüdən Azərbaycandan fərqli olaraq Ermənistan hərbi qarşıdurmalar və regionda vəziyyətin gərginləşməsində maraqlıdır.
Natiqlər beynəlxalq ictimaiyyət və təsisatları Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması və sülhə sövq edilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıblar.
Azərbaycan Evində şəhidlərin xatirəsinə həsr olunmuş guşə yaradılıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana