Zamanla Qarabağ mətbəxinin fərqli xüsusiyyətləri formalaşıb

Bakı, 11 fevral, Fidan Əlizadə, AZƏRTAC
Qarabağ mətbəxi Azərbaycanın milli mətbəx mədəniyyətinin içərisində zənginliyi ilə seçilir. Ətraf bölgələrin mətbəxləri ilə qarşılıqlı təmasda zənginləşən Qarabağ mətbəxi, eyni zamanda, həmin bölgələrə də təsir edib. Qarabağa aid olan mətbəx mədəniyyəti, xörəklərin hazırlanması, toy-bayram və yas mərasimlərində hazırlanan yeməklər başqa regionlarla müqayisədə demək olar ki, eynidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib. Onun sözlərinə görə, Qarabağ mətbəxində Azərbaycana məxsus bütün ocaq növləri istifadə olunur.
“Qarabağ mətbəxində plovların xüsusi yeri var. Qarabağlıların süfrələrində balıq yeməkləri əsas rol oynayır. Balıq əsasən suda bişmiş və qızardılmış halda yeyilir. Qarabağ mətbəxinin bir sıra fərqli xüsusiyyətləri də formalaşıb.
Quru meyvələrdən həm xörəklərdə, həm də çərəz kimi geniş istifadə edirlər. Quru meyvələrdən xoşablar bişirilir, plovlara, şorabalara, ət xörəklərinə və digər yeməklərə əlavə edirlər. Ümumiyyətlə, Qarabağ qadınlarının süfrə mədəniyyəti olduqca yüksəkdir. Təsadüfi deyil ki, 1882-ci ildə Qarabağ xanının qızı Xurşidbanu Natəvanın hazırladığı zoğal, tut qurusu, alça lavaşı Moskvada keçirilən Ümumrusiya sərgisində nümayiş etdirilib”, - deyə dosent əlavə edib.