ZAQATALA RABİTƏÇİLƏRİ 2003-CÜ İLİ YÜKSƏKGÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞLAR
Zaqatala telekommunikasiya qovşağının rəisi Məmməd Arazov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, ötən il rayonun iqtisadi həyatında kənd rabitəsinin sürətli inkişafı ilə yaddaqalan olmuşdur. İl ərzində 16 kənd ATS-i elektron tiplilərlə əvəz olunmuş, 7 kənddə yeni elektron ATS istifadəyə verilmişdir. 3 kənddə yeni ATS binası tikilmiş, 20 kənddə telefon stansiyalarının binası isə müasir standartlar səviyyəsində təmir edilmişdir. Kənd ATS-lərinin hamısı dizel-generatorlarla təchiz edilmiş, mövcud hava telefon xətləri yeraltı kabel xətləri ilə əvəz olunmuşdur. İl ərzində qovşaq üzrə telefon nömrələrinin sayı 5 min 272 nömrə artırılaraq, 12 min 272-yə çatdırılmışdır.
Ötən il müəssisənin balans mənfəəti 500 milyon manatdan yuxarı olmuşdur. Qovşaq üzrə tarif gəliri planı və dövlət büdcəsinə ödəmələr artıqlaması ilə yerinə yetirilmişdir.
Hazırda 105 nəfər işçinin çalışdığı bu müəssisədə orta aylıq əmək haqqı 400 min manatdır.