Zaqatalada təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı keçirilir
Zaqatala, 13 mart (AZƏRTAC). Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən rayonda təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı keçirilir.
Tədbirlər planına uyğun olaraq, üçaylıq çərçivəsində Zaqatala şəhərində, qəsəbə və kəndlərdə, magistral yolların kənarında, küçə və meydanlarda, parklarda, ictimai yaşayış binalarının həyətlərində təmizlik, abadlıq və səliqə-sahman işləri aparılacaq, yaşayış və ictimai binaların dam örtüyü, fasad hissələri rənglənəcək, qanunsuz küçə ticarətinin aradan qaldırılması üçün tədbirlər görüləcək, yeni yaşıllıqlar salınacaqdır.
Tədbirlər planında, həmçinin, zərurət olan yerlərdə zibil konteynerlərinin qoyulması, park, meydan və xiyabanlarda su hovuzlarında təmizlik işlərinin aparılması, fəvvarələrin işə salınması, ictimai yerlərdə olan su kranlarının təmiri və digər məsələlər nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Zaqatala özünün təmizliyi, səliqə-sahmanı ilə həmişə diqqəti cəlb etmişdir. 2010-cu ildə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində rayonun, o cümlədən şəhərin siması büsbütün dəyişmişdir. Ötən il büdcə vəsaiti və daxili imkanlar hesabına rayonda 1,7 milyon manatlıq təmir-tikinti və abadlıq işləri görülmüş, yol kənarlarında, park və xiyabanlarda 10 mindən çox ağac və gül kolları əkilmişdir. Üçaylığın keçirilməsinin məqsədi “qızıl güllər diyarı” adlanan Zaqatalanın şöhrətini daha da artırmaq, gözəl ənənələri bərpa etməkdir.
Üçaylıq iyunun 1-dək davam edəcəkdir.