Zaur Əliyev: Biz çətin anda da, xoş günümüzdə də Türkiyə ilə bir yerdəyik
Bakı, 13 fevral, AZƏRTAC
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən humanitar yardım göndərilməsi qardaş ölkəyə hədsiz qayğı və diqqətin bariz nümunəsidir. Bu yardım və dəstək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən Türk dünyasının birliyi və həmrəyliyi strategiyasını, “Bir millət, iki dövlət” ideyasını təcəssüm etdirir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev söyləyib. Z.Əliyev bildirib ki, humanitar yardım həm faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif vacib əhəmiyyətli ləvazimat və avadanlıqların çatdırılması, həm də Fond əməkdaşlarının Türkiyəyə zəlzələ bölgəsinə ezam olunmasını əhatə edib. Belə ki, göndərilən humanitar yardım mərhələli şəkildə aparılır. İlkin olaraq müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar zəlzələ bölgəsinə göndərilib. Sonra isə növbəti yardımlar zamanı zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə digər ləvazimat və avadanlıqlar da göndərilib.
Eyni zamanda, Azərbaycanda vətəndaşların qardaş ölkəyə dəstək göstərmək istəyi nəzərə alınaraq, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən Bakı İdman Sarayında başlatdığı humanitar kampaniya çərçivəsində toplanan isti geyimlər və lazımi əşyalar könüllülər tərəfindən çeşidlənərək faciə bölgəsinə yola salınıb.
“Vaxtilə Böyük şəxsiyyət Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarını bəyan etmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə faciə ilə əlaqədar qardaş ölkəyə göstərilən dəstək və yardımlar bir daha sübut edir ki, Türk dünyasının birliyi və həmrəyliyi daimidir. Biz çətin anda da, xoş günümüzdə də Türkiyə ilə bir yerdəyik”, - deyə Z.Əliyev vurğulayıb.