Zəfər Günü Bəhreyndə qeyd edilib
Qahirə, 7 noyabr, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyi Bəhreynin paytaxtı Manama şəhərində Zəfər Gününə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən Bəhreyndə yaşayan soydaşlarımız şəhidlərimizin ruhuna dualar oxuyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev Bəhreyndə yaşayan soydaşlarımızı Zəfər Günü münasibətilə təbrik edib, bu əlamətdar günün tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Zəfəri ölkəmizin müasir tarixində qazanılmış ən vacib uğurdur. Diplomat postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Ş.Abdullayev Azərbaycan-Bəhreyn əlaqələrinin vəziyyətindən və iki dost ölkə arasında əməkdaşlığın yüksək səviyyəsindən də danışıb. O, həmçinin ölkəmizin həqiqətlərinin Bəhreyn ictimaiyyətinə çatdırılmasında diasporun rolunu qeyd edib.
Daha sonra soydaşlarımız Zəfər Gününün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.
Qahirə