Zemfira Meftaxetdinova: Azərbaycan Ordusu zəfər çalacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusu əzəli torpaqlarını Ermənistanın işğalından azad etmək uğrunda döyüşür. Ədaləti, ərazi bütövlüyümüzü canı-qanı bahasına bərpa edən döyüşçülərimiz Azərbaycan xalqının otuz ildən artıq həsrətlə gözlədiyi arzularını həyata keçirirlər. Bizim işimiz haqq işidir. Azərbaycan Ordusu zəfər çalacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Olimpiya çempionu Zemfira Meftaxetdinova bildirib.
Azərbaycanın öz tarixinin ən şərəfli anlarını yaşadığını bildirən Z.Meftaxetdinova qeyd edib ki, ordumuzun son günlər göstərdiyi rəşadət, ərazilərimizin bir-birinin ardınca azad edilməsi, uzun illər ərzində işğal altında olan torpaqlarımızda bayrağımızın qaldırılması xalqımızda sonsuz qürur hissi yaradıb: “Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-əməliyyata başlaması nəticəsində bir-birinin ardınca kəndlərimiz işğaldan azad edilir, torpaqlarımızda bayrağımız qaldırılır. Bu günü böyük səbirsizliklə gözləyən xalqımız öz tarixinin ən qürurverici anlarını yaşayır. İşğalçı Ermənistan silahlı qüvvələri ağır məğlubiyyətə uğraması səbəbindən şəhərlərimizi, rayonlarımızı intensiv atəşə tutur. Nəticədə dinc əhali arasında çoxlu sayda həlak olan və yaralananlar var. Təcavüzkar Ermənistan terrora əl ataraq vəhşilik, insanlığa yaraşmayan, heç bir müharibə qanunlarına sığmayan qanlı cinayətlər törətməkdə davam edir.
“Azərbaycan xalqı Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşərək Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırıqları yerinə yetirməyə tam hazırdır. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”, - deyə Zemfira Meftaxetdinova bildirib.