REGİONLAR
Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq




Zəngilan, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Zəngilanda təməli qoyulan 2-ci yaşayış kompleksində əsasən “taunhaus” tipli evlər inşa olunacaq ki, bu da şəhərin gözəlliyinə ayrı bir zövq qatacaq.
AZƏRTAC-ın bölgə müxbirinin xəbərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, Zəngilan şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Şəhərdə daha əvvəl təməli qoyulan 110 mənzildən ibarət ilk yaşayış kompleksinin layihələri hazırdır və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Böyük Qayıdış Proqramına uyğun olaraq, növbəti yaşayış məhəllələrinin salınması çərçivəsində 410 mənzildən ibarət yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. Yeni təməli qoyulan 2-ci yaşayış kompleksi Qələbə və Memorial parkların yaxınlığında, şəhərin azsıxlıqlı zonasında yerləşməklə, əsasən “taunhaus” tipli evlərdən ibarət olacaq. Plana əsasən, burada 87 mənzil nəzərdə tutulur.