REGİONLAR
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq




Zəngilan, 30 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən Zəngilanda təməli qoyulan 160 yerlik Uşaq bağçası müasir standartlara uyğun olaraq inşa ediləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov Zəngilanda təməli qoyulan 160 yerlik uşaq bağçası haqqında danışarkən qeyd edib ki, bağça bir hektar ərazidə inşa olunacaq. Məktəbəqədər təhsil müəssisəsinin ikimərtəbəli binasında qrup, inzibati, texniki və tibb otaqları, idman və musiqi zalları, mətbəx, camaşırxana yaradılacaq. Burada uşaqların rahatlığı, ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün hər cür şərait təmin ediləcək.
Bağçanın həyətində oyun meydançaları salınacaq, avtodayanacaq və digər zəruri infrastruktur yaradılacaq. İşğaldan azad olunmuş ərazilərdə bu cür müəssisələrin yaradılması bərpa edilən şəhər və kəndlərimizin simasına əlavə rəng qatır.