Zəngilanın Ağalı kəndində yaşıllaşdırma işlərində Dendrologiya İnstitutunda becərilən bitkilərdən istifadə olunub
Bakı, 4 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsi həyata keçirilir.
Dendrologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Zəngilan rayonunun Ağalı kəndi ərazisində bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması, biomüxtəlifliyin genişləndirilməsi və davamlı istifadəsinin həyata keçirilməsi məqsədilə müəssisənin təcrübə sahəsində becərilən dekorativ ağac və kol bitki kolleksiyasından istifadə edilib. Ağalı kəndi ərazisinə Avropa zeytunu, payız gülü, dimorfateka, yumru birgöz, Amerika aqavası, piramidal sərv, piramidal tuya, qızılgül, Xan çinar, rozmarin, qazon aparılaraq orta məktəb və ətraf ərazilərdə yaşıllaşdırma işləri görülüb.
Dendrologiya İnstitutunun işçi qrupu tərəfindən Zəngilan rayonuna ekspedisiya təşkil edilib. Tədqiqat ərazisində monitorinq keçirilərək bitki növlərinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müşahidələr aparılıb. İstifadə edilən dendrofloranın taksonomik tərkibinin kompleks tədqiq olunması davam etdirilir.