ZƏNGİLANLILAR ÖLKƏ PREZİDENTİNİN ƏTRAFINDASIX BİRLƏŞMİŞLƏR
RAYON İCRA HAKİMİYYƏTİNİN HESABAT YIĞINCAĞINDAN QEYDLƏR
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimai birliklərin, ziyalıların və ağsaqqalların, Prezidentin İcra Aparatının məsul işçisi Mirzə Novruzovun, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Milli Məclisdə zəngilanlıların təmsilçisi İmamverdi İsmayılovun iştirak etdikləri hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev çıxışına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 2005-ci ildə qazanılmış uğurları xatırlatmaqla başlamışdır. O demişdir ki, ölkə başçısının hələ prezident seçkiləri ərəfəsində irəli sürdüyü planlar, bəyan etdiyi proqramlar reallığa söykənir və uğurla icra edilir. Respublikamızda qazanılmış nailiyyətlərin başlıca rəhni ümummilli liderimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsidir.
Məruzədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsindən, uğurlu xarici siyasətdən, milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi, insan hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi sahəsində görülmüş işlərdən də danışılmışdır. Xüsusi vurğulanmışdır ki, yurd-yuvasından didərgin düşmüş zəngilanlılar dövlətimizin başçısına inanır, gördüyü işləri, həyata keçirdiyi tədbirləri dəstəkləyir, onun başçılığı altında Azərbaycanın gələcəyinə ümidlə baxırlar.
Vəli Quliyev ötən il rayon icra hakimiyyətinin həyata keçirdiyi təşkilati tədbirləri xatırlatmış, bu tədbirlər sayəsində qazanılmış uğurlardan danışmış, respublikanın 48 rayonunda məskunlaşmış zəngilanlıların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dövlət qayğısına dair faktlar gətirmişdir. Təhsil, səhiyyə sahəsində görülmüş işlərdən, həlli vacib məsələlərdən də danışılmışdır. Bildirilmişdir ki, ötən il ali məktəblərə test imtahanlarında zəngilanlı məzunların 16 nəfəri 600-dən yuxarı bal toplamışdır. Rayon əhalisinə tibbi xidmətin səmərəsini yüksəltmək üçün zəngilanlıların sıx məskunlaşdıqları Bakıda və ya Sumqayıtda ayrıca poliklinika binası tikilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhid ailələrinin mənzil şəraiti yaxşılaşdırılarkən köçkün rayonlardan olan şəhid ailələrinin də nəzərə alınması barədə təkliflər də səslənmişdir.
Rayon xəstəxanasının baş həkimi Eldar Babayev, rayon maliyyə şöbəsinin müdiri Nazir Kərimov, polis şöbəsinin rəisi Səhyəddin Səfərov, sosial müdafiə mərkəzinin direktoru Həsən Ələkbərov, təhsil şöbəsinin müdiri Zakir İbrahimov və başqaları məruzə ətrafında çıxış etmişlər. Çıxışlarda dövlət başçısının yeritdiyi siyasət sayəsində doğma torpaqların işğaldan azad ediləcəyinə, köçkünlərin öz yurd-yuvalarına dönəcəyinə inam ifadə olunmuşdur.
Səttar Mehbalıyev hesabat yığıncağında çıxış etmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.