Zərdabda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Zərdab, 29 iyun, AZƏRTAC
Zərdabda rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar. Rayon icra hakimiyyətində keçirilən konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, habelə ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə açaraq ölkəmizdə ağsaqqallara göstərilən qayğıdan danışıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev ağsaqqallara həmişə böyük qayğı və diqqət göstərib, onları “Milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Bu qayğı və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və tərəqqisi naminə aparılan işlərdə ağsaqqalların rolu əvəzsizdir.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, xalqımız, o cümlədən ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi.
Qeyd olunub ki, koronavirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, ölkəmizdə ağsaqqalların fəaliyyəti genişlənir və nüfuzu gündən-günə artır.
Ə.Əmiraslanov Ağsaqqallar Şurasının ötən illərdə gördüyü işlərdən, ağsaqqalların qarşısında duran vəzifələrdən də danışıb. O, Şuranın Nizamnamə və Əsasnaməsindən irəli gələn vəzifələr barədə məlumat verib, tövsiyələrini çatdırıb, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
İclasda ağsaqqallardan Xalid İxtiyarov və Rasim Hüseynov çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. Uzun müddət rayonun ictimai-siyasi həyatında böyük əməyi və rolu olan Rasim Rəsul oğlu Hüseynov Zərdab Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Konfransda şuranın əsasnaməsi qəbul olunub, yeni idarə heyəti və təftiş komissiyası formalaşdırılıb.