Zeynal Nağdəliyev: Azərbaycan Prezidentinin tələbi ondan ibarətdir ki, seçkilərdə şəffaflıq təmin olunsun
Bakı, 21 avqust, AZƏRTAC
Son seçkilər göstərdi ki, dairə və məntəqə seçki komissiyaları öz işlərini yüksək peşəkarlıqla qura biliblər. Şübhəsiz ki, bu, sizin təcrübənizin artdığını göstərir. Həmçinin bu, peşəkarlığın yüksək səviyyədə olmasına dəlalət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev avqustun 21-də MSK-da keçirilən geniş müşavirədə deyib.
Seçkilərin müvəffəqiyyətlə keçməsini şərtləndirən amillərdən danışan Z.Nağdəliyev qeyd edib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin, cəmiyyətimizin həyatının bütün sahələrində aparılan uğurlu islahatlar, qəbul olunan tarixi qərarlar Azərbaycanın keyfiyyətcə tamamilə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bu gün Azərbaycan dünya miqyasında layiqli yerini tutub. Ölkəmizdə artıq dünya və qitə miqyaslı tədbirlər müvəffəqiyyətlə keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində insanların rifahı yaxşılaşıb. Vətəndaşlarımız bu şəraiti, uğurları itirmək istəmirlər. Azərbaycanın gələcəyi daha parlaq olacaq və insanlar bunun üçün səs verirlər.
“Bizim də məqsədimiz odur ki, seçkilərə hazırlıq, onun keçirilməsi və səsvermə proseslərində qanun pozuntusuna yol verilməsin. Azərbaycan Prezidentinin tələbi ondan ibarətdir ki, seçkilərdə şəffaflıq təmin olunsun. Bunun üçün həm seçki komissiyalarına, həm də seçicilərin öz iradələrini sərbəst şəkildə ifadə edərək səs vermələri üçün lazımi şərait yaradılıb. Seçkilərlə əlaqədar əlavə zəruri tədbirlər görüləcək”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.